“Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar.
“Report” “TASS” agentliyinə istinadla xəbər verir ki, “Taliban” silahlıları Əfqanıstanda bütün ölkəyə nəzarəti ələ alıb.
Əfqanıstan daxili işlər naziri vəzifəsini icra edən Əbdül Səttar Mirzəkval Kabilə hücum edilməyəcəyini, hakimiyyətin sülh yolu ilə təhvil veriləcəyini bəyan edib.
Öz növbəsində “Taliban” hökumət qüvvələri tərəfindən tərk edilən dövlət binalarını ələ keçirib və şəhərdən çıxmaq istəyənlərə toxunmayacaqlarını bildiriblər.
Qeyd edək ki, prezident Məhəmməd Əşrəf Qani administrasiya rəhbəri və milli təhlükəsizlik üzrə müşaviri ilə birlikdə Tacikistana gedib.
Kabildə komendant saatı elan edilib.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Məlumata görə, yerli vaxtla saat 21:00-da Əfqanıstan paytaxtında komendant saatı elan edilir.
Əfqanıstan daxili işlər naziri vəzifəsini icra edən Əbdül Səttar Mirzəkval deyib ki, komendant saatının elan edilməsinə səbəb hər hansı təxribatın qarşısının alınması və şəhər əhalisinin təhlükəsizliyidir.