Qazaxıstan İtaliyanın əsas tərəfdaşına çevrilib, Roma onunla bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşdən sonra sosial şəbəkələrdə yazıb.
“Qazaxıstan Prezidentinin səfəri əlaqələrimizin strateji əhəmiyyətini təsdiqləyir. Müxtəlif strateji sektorlarda mühüm protokolların, sazişlərin imzalanması bizim Qazaxıstan və bütövlükdə Mərkəzi Asiya ilə tərəfdaşlığımızı və əməkdaşlığımızı gücləndirmək istəyimizi nümayiş etdirir”, - Meloni yazıb.
Tokayev və Meloni arasında danışıqlar yanvarın 18-də İtaliyanın paytaxtında baş tutub. İtaliya Xarici İşlər Nazirliyində aparılan danışıqlar zamanı 16 niyyət memorandumu imzalanıb, onlardan 12-si maliyyə, investisiya və bərpa olunan enerji sahəsində kommersiya xarakterli olub.