İtaliyada 300-dən çox məktəb partlayış təhlükəsi barədə mesajlara görə təxliyə edilib

Digər ölkələr
  • 11 noyabr, 2026
  • 16:55
İtaliyada 300-dən çox məktəb partlayış təhlükəsi barədə mesajlara görə təxliyə edilib

İtaliyada partlayış təhlükəsi barədə eyni mesajları aldıqdan sonra ən azı 300 məktəb təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi İtaliyanın təhsil naziri Cüzeppe Valditaranın bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hər şeydən göründüyü kimi, bu xəbərdarlıqlar yalandır. O əlavə edib ki, bunun təsirinə məruz qalan məktəblərin sayı çox güman ki, artacaq.

Qeyd olunub ki, elektron məktub "Mizoqinistan vilayətinin lideri Mixail Andropov" tərəfindən imzalanıb.

Bu arada, İtaliyanın Baş naziri Corcia Meloni sosial şəbəkələrdə hökumətin məktəblərdə partlayış təhlükəsi barədə çoxsaylı mesajları diqqətlə izlədiyini bildirib.

"Hazırda aparılan araşdırmalar konkret təhlükəyə dair heç bir sübut aşkar etməyib. Mesajlar, ehtimal ki, təşviş və narahatlıq yaratmağa yönəlmiş strategiyanın bir hissəsidir", - deyə baş nazir qeyd edib.