İtaliya Ukraynaya peyk görüntüləri təqdim edəcək
- 15 noyabr, 2026
- 17:50
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya Ukraynaya təqdim edəcəyi 13-cü hərbi yardım paketinə ikinci nəsil "Cosmo-SkyMed" qrupuna aid iki peykdən radar görüntülərinə çıxışı daxil edəcək.
"Report" İtaliya mediasına istinadən xəbər verir ki, söhbət İtaliyanın altı peykdən ibarət orbital qrupuna daxil olan iki peykdən gedir. Onlar günün istənilən saatında və hava şəraitindən asılı olmayaraq, o cümlədən bulud və yağıntıların arasından yüksək dəqiqlikli görüntülər əldə etməyə imkan verir.
İtaliyanın müdafiə naziri Gvido Krozetto noyabrın 10-da məxfi yardım paketini parlamentin xüsusi xidmət orqanlarının fəaliyyətinə nəzarət edən Copasir komitəsinə təqdim edib. Sənədin məzmunu rəsmi olaraq açıqlanmayıb.
Qeyri-rəsmi razılaşmalara əsasən, Ukrayna peyk məlumatlarından yalnız öz ərazisində istifadə edə biləcək. İtaliya bu məlumatların Rusiyadakı hədəflərə qarşı hücum əməliyyatlarının və aviazərbələrin hazırlanmasında tətbiqinə icazə vermir.
Radar görüntüləri hərbi texnikanı, istehkamları və anbarları, o cümlədən gecə saatlarında və məhdud görünmə şəraitində aşkarlamağa imkan verir. "Starlink"dən fərqli olaraq, "Cosmo-SkyMed" internet rabitəsi təmin etmir, kəşfiyyat və müşahidə məqsədləri üçün istifadə olunur.
Gözlənilir ki, 13-cü yardım paketinə "SAMP/T" zenit-raket kompleksləri üçün döyüş sursatları da daxil ediləcək.
Paketin yekun məzmunu məxfi saxlanılır. Sənədi İtaliyanın xarici işlər və iqtisadiyyat nazirləri Antonio Tayani və Can Karlo Corcetti də imzalamalıdır. Romanın Ukraynaya silah tədarükü ilə bağlı mövcud qanunvericilik səlahiyyətlərinin müddəti 2026-cı il dekabrın 31-də başa çatır.