İsveçin xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO xarici işlər nazirlərinin Berlində qeyri-rəsmi toplantısı çərçivəsində danışıqlar aparıb və şimal ölkələrinin alyansa daxil olma ehtimalını müzakirə ediblər.
“Report” xəbər verir ki, bunu Ann Linde SVT-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, görüşlərdə heç bir razılıq əldə olunmayıb və tərəflər bu mövzu barədə danışıqları davam etdirəcəklər:
“Fərqli fikirlərimiz var, amma PKK-nı terror təşkilatı hesab etdiyimizi açıq şəkildə bildirdik. Bir çox digər NATO müttəfiqləri kimi, biz də digər kürd təşkilatları ilə danışıqlar aparırıq”.
O əlavə edib ki, tərəflərin diplomatları bu məsələ ilə bağlı dialoqu davam etdirəcəklər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya daxil olması ehtimalını müsbət hesab etmir, çünki Skandinaviya ölkələri PKK terror təşkilatının üzvləri üçün qonaq evidir.