İsrail Ordusunun Livandakı əməliyyatı zamanı daha dörd hərbçi həlak olub.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onların hamısı “Alon” ehtiyat piyada briqadasında xidmət edib və Livanın cənubunda döyüşdə həlak olublar, onlardan biri hərbi ravvin olub.
Həmin hadisə nəticəsində daha beş hərbçinin ağır yaralandığı və müalicə üçün təxliyə edildiyi bildirilib.
Xatırladaq ki, İsrail sentyabrın 23-də Livandakı "Hizbullah" təşkilatının birləşmələrinə qarşı "Şimal oxları" əməliyyatına başlayıb və onun hərbi obyektlərinə kütləvi zərbələr endirir. Bəyan edilən məqsəd yəhudi dövlətinin şimal sərhəd bölgələrində on minlərlə sakinin geri qayıda bilməsi üçün təhlükəsiz şəraitin yaradılmasıdır. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhədyanı bölgələrdə quru əməliyyatına başladığını elan edib.