İspaniya polisi COVID-19 xəstəsi olan, lakin insanlarla ünsiyyətə davam edən və nəticədə 22 insanı yoluxduran şəxsi saxlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, saxlanılan şəxsə qarşı sağlamlığa ziyan vurmaq ittihamı irəli sürülüb.
İstintaq yanvar ayında Manakor bələdiyyəsində (Balear adaları) yoluxma ocağı aşkar edildikdən sonra başlayıb. Bundan bir neçə gün əvvəl ada sakinlərindən birində xəstəlik əlamətləri görünməyə başlayıb, həmkarlarının təkidinə baxmayaraq, o, evə getməkdən imtina edib. Kişi axşam PZR testi verib, amma testin nəticələrini gözləmədən ertəsi gün işə çıxıb, üstəlik idman salonuna da gedib.
Polis şahid ifadələrinə əsasən bildirib ki, kişinin temperaturu 40 dərəcə olsa da, o, həmkarlarının evə getmək xahişinə növbəti dəfə məhəl qoymayıb, üstəlik öskürəndə maskanı endirərək “hamınızı yoluxduracağam” deyib. Günün sonunda bir gün əvvəl verilmiş testin nəticəsi məlum oldu – koronavirusa yoluxma təsdiqlənib. Bundan sonra onun bütün həmkarları və idman salonuna gələn qonaqlar, eləcə də onların ailə üzvlərinin yoxlanmasına başlanılıb; üçü südəmər körpə olmaqla, 22 nəfərin xəstələndiyi müəyyənləşib.