Yaxın Şərqdəki münaqişənin daha da gərginləşməsi və tammiqyaslı müharibəyə çevrilməsi enerji sahəsində qlobal böhrana səbəb olacaq.
“Report” “Shafaq News”a istinadən xəbər verir ki, İraq xarici işlər naziri Fuad Hüseyn Bağdadda iranlı həmkarı Abbas Araqçi ilə birgə mətbuat konfransında belə bəyanatla çıxış edib.
“Regionda geniş miqyaslı müharibənin başlanması enerji ixracına və dünya gəmiçiliyinə son dərəcə mənfi təsir göstərəcək və bununla da qlobal enerji böhranına səbəb olacaq”, – Hüseyn qeyd edib.
Nazir vurğulayıb ki, iqtidar öz ölkəsinin ərazisindən qonşu dövlətlərə, o cümlədən İrana zərbələr endirmək üçün istifadə edilməsini yolverilməz hesab edir və İraqı potensial regional münaqişədə hər hansı iştirakdan qorumaq üçün bütün səylərini göstərir.
Onun fikrincə, İsrailin İran ərazisinə zərbə endirməyə hazırlaşması “təhlükəli addımdır”. Hüseyn Qəzza zolağı və Livanda hərbi əməliyyatların davam etməsinin bütün regionun sabitliyinə təhlükə yaratdığına diqqət çəkib və onların dərhal dayandırılmasına çağırıb.