“İraq İslam Müqaviməti” hərəkatı İordaniya-Suriya sərhədində ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbənin məsuliyyətini üzərinə götürüb.
“Report” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Hərəkatın rəhbərliyindəki mənbə bildirib ki, bir neçə fraksiyanı birləşdirən qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürür.
“ABŞ İsraili bundan sonra da dəstəkləyərsə, gərginlik davam edəcək. Vaşinqtonun regiondakı bütün obyektləri qanuni hədəflərdir və biz onun cavab təhdidlərindən narahat deyilik”, - hərəkatın nümayəndəsi bildirib.
Qeyd edək ki, ABŞ hərbi bazasına hücum nəticəsində 3 amerikalı hərbçi ölüb, 34 nəfər isə yaralanıb.