İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif Yaxın Şərqdə sabitliyin bərqərar olması və regional oyunçular arasında əməkdaşlığın gücləndirilməsi üçün regionda Müsəlman Qərbi Asiya Dialoqu Assosiasiyası (MWADA) adlı yeni qurumun yaradılmasını təklif edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə C.Zərif Böyük Britaniyanın “The Economist” jurnalındakı məqaləsində yazıb.
İranlı siyasətçinin fikrincə, yeni təşəbbüs Yaxın Şərqdəki bütün müsəlman ölkələrini - Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, BƏƏ və Yəməni ümumi din, kollektiv təhlükəsizlik və qarışmama prinsipinə əsaslanan vahid platformada birləşdirməlidir.
O qeyd edib ki, MWADA-nın əsas prioritetləri Qəzza zolağı, Livan, Suriya və Yəməndəki bütün mövcud böhranların həlli və qeyri-regional oyunçuların müdaxiləsinə qarşı mübarizə olmalıdır.
"MWADA nəqliyyat sahəsindən başlayaraq boru kəmərləri və telekommunikasiya şəbəkələrinə qədər infrastruktur layihələri üçün əlverişli zəmin yaradacaq. Bundan başqa, qurum həmçinin mədəni mübadilələrə, su resurslarının idarə edilməsi sahəsində əməkdaşlığa, terrorla mübarizəyə və harmoniya içində birgəyaşayışın təşviqinə yönəlmiş media kampaniyalarına diqqət ayıracaq", - C.Zərif vurğulayıb.