İran Suriyada zəlzələdən zərərçəkənlərə “humanitar yardım” adı altında silah və hərbi texnika çatdırmaq üçün yük təyyarələrindən istifadə edib.
“Report” xəbər verir ki, “Reuters” agentliyi bu məlumatı Suriya, İran, İsrail və Qərb mənbələrinə istinadən yayıb.
Bildirilib ki, 2023-cü il fevralın 6-7-də Türkiyənin cənubunda və Suriyanın şimalında onminlərlə insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra yeddi həftə ərzində İrandan Hələb, Dəməşq və Latakiya (Suriya şəhərləridir) hava limanlarına yüzlərlə uçuş həyata keçirilib.
Məlumata görə, humanitar yüklərlə yanaşı İran bu uçuşlar vasitəsi ilə Suriyaya rabitə avadanlıqları, radarlar, hava hücumundan müdafiə sistemlərinin hissələrini də daşıyıb.
“Reuters” Qərb ölkələrinin kəşfiyyat xidmətlərindəki, İran və İsrail rəhbərliyinə yaxın mənbələrə, həmçinin ölkədən qaçan keçmiş suriyalı hərbçiyə və hazırkı suriyalı zabitə istinad edib.
İranın BMT-dəki nümayəndəliyi məlumatın həqiqətə uyğun olmadığını bildirsə də, Suriyadakı rejim şərh verməkdən imtina edib.
Hərbi Kəşfiyyatın Analitik İdarəsinin (AMAN) keçmiş rəhbəri, ehtiyatda olan briqada generalı Yossi Kupervasser bununla bağlı bildirib ki, göstərilən müddət ərzində İrandan Suriyaya hərbi texnikanın tədarükü ilə bağlı kəşfiyyat məlumatları o qədər dəqiq olub ki, İsrail hərbçiləri avtomobil karvanındakı maşınların yükündən belə xəbərdar olublar.
İsrail Müdafiə Nazirliyinin anonim nümayəndəsinin sözlərinə görə, İrandan Suriyaya “humanitar yardım” adı altında hərbi texnika əsasən hissə-hissə çatdırılıb. Bunun üçün ilk növbədə ölkənin şimalında yerləşən Hələb hava limanından istifadə olunub. İsrail tərəfinin bildirdiyinə görə, çatdırılmalara Həsən Mehduinin komandanlığı altında İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds strukturuna daxil olan 18 minlik birlik tərəfindən nəzarət edilib. Yerüstü nəqliyyat Behnəm Şaharirinin komandanlıq etdiyi “Qüds Gücü 190” tərəfindən təmin edilib.