İndoneziyada Levotobi vulkanının püskürməsi səbəbindən dörd hava limanı müvəqqəti bağlanıb.
“Report” “Sinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyin nümayəndəsi Abdul Muxari bildirib.
“Şərqi Nusa-Tenqara əyalətinin Sikka bölgəsindəki Frensis Xavyer Seda hava limanı müvəqqəti bağlanıb. Əyalətdəki digər üç hava limanında da işlər dayandırılıb. Vulkanik külün yayılması nəticəsində Labuan Baco şəhəri yaxınlığındakı Komodo Beynəlxalq Hava Limanında 14 reys təxirə salınıb”, - o deyib.
Qeyd edək ki, Levotobi Laki-Laki vulkanının püskürməsi noyabrın 4-nə keçən gecə başlayıb və püskürmə zamanı vulkan külləri 2 min metr hündürlüyə çatıb. Fövqəladə Hallar üzrə Milli Agentliyindən bildirilib ki, vulkan püskürməsi yaxınlıqdakı yaşayış məntəqələrində yanğınlara səbəb olub.
Səlahiyyətlilər vulkan püskürməsindən zərər çəkmiş 14 kənddən 10 200-dən çox insanı təxliyə edib.