İsveç İkinci Dünya Müharibəsindən sonra ən böyük iqtisadi böhrana hazırlıq görüb.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu, ölkə hakimiyyətinin koronavirus pandemiyasına görə sərt karantin tətbiqindən imtina etməsi fonunda baş verib.
Maliyyə naziri Maqdalena Andersson deyib ki, bu il Skandinaviyada iqtisadi artım 7 faiz azalacaq. "Ölkə çox dərin iqtisadi böhran yaşayır, eniş gözlədiyimizdən tez baş verir”, - o qeyd edib.
İsveç Mərkəzi Bankının məlumatına görə, ölkənin ÜDM-i karantin tətbiq etməkdən imtina etməsinə baxmayaraq, 9,7 faiz azala bilər. Daha pozitiv proqnoza görə, iqtisadi artım 6,7 faiz enəcək.
Ölkədə keçirilən sorğuların nəticələrinə əsasən, xidmət sektorunda müəssisələrin 40 faizi iflas təhlükəsindən ehtiyat edir.
ÜDM-nin təxminən yarısı ixrac payına düşür, ona görə də "Volvo Cars" və "Electrolux" kimi bəzi tanınmış şirkətlər tələbin azalması səbəbindən minlərlə işçini ixtisara salmaq məcburiyyətində qalıblar.