Bakı. 25 mart. REPORT.AZ/ İspaniya hakimiyyəti Fransanın cənubunda Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar üç gün matəm elan olunması barədə fərman verib.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, müvafiq bəyanatla İspaniya hökumətinin sədr müavini Sorayya Saens de Santamariya çıxış edib.
Onun sözlərinə görə, matəm gecə yarısından başlayacaq. Bundan əlavə, çərşənbə günü faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılacaq.
İspaniyadan Almaniyaya uçan "A320" təyyarəsi Fransanın dağlıq ərazisində qəzaya uğrayıb.
Hava gəmisinin göyərtəsində 144 nəfər sərnişin və altı heyət üzvü olub. Sərnişinlərdən 45 nəfərin İspaniya vətəndaşı olduğu bildirilir.