Bakı. 28 İyun. REPORT.AZ/ İraqın Neynəva əyalətinin Mosul inzibati dairəsinin şərqində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması silahlılarının basdırıldığı kütləvi məzarlıq aşkar edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, Kürdistan Demokratik Partiyasının nümayəndəsi Sayed Maamusini yerli sakinlər tərəfindən tapılan məzarlıqda 83 İŞİD silahlısının basdırıldığını bildirib.
O qeyd edib ki, öldürülən terrorçular hökumət qoşunları ilə döyüşlərdə ağır yaralanıblar və döyüşü davam etdirə bilməyiblər. Bu səbəbdən silahdaşları onları edam etmək qərarına gəliblər.