Bakı. 18 May. REPORT.AZ/ İraq ordusu ölkənin qərbindəki Ər-Rütbə şəhərinin bir hissəsini İŞİD terror qruplaşmasından azad edib. "Report"un məlumatına görə, bu haqda "Reuters" agentliyi xəbər yayıb.
Agentliyin məlumatına görə, terrorçu qruplaşmaya qarşı əməliyyata İŞİD əleyhinə beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri də dəstək verib. İraq Silahlı Qüvvələri şəhərə cənub tərəfdən daxil ola və Əl-İntisar rayonunu nəzarət altına ala bilib.
"Biz sabah səhər Ər-Rutbənin mərkəzinə daxil olacağımızı gözləyirik" - deyə İraq silahlı qüvvələrinin nümayəndəsi agentliyə bildirib. Onun sözlərinə görə, hərbçilər güclü müqavimətlə qarşılaşmayıblar.
Qeyd edək ki, şəhər 2014-cü ildə İŞİD tərəfindən işğal edilib.