Bakı. 30 iyun. REPORT.AZ/ İran televiziyası İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü sübut edə biləcək şəkillərini yayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, İranın İRİB teleradioyayım korporasiyasının saytında cəmi 4 şəkil yerləşdirilib.
Onlardan ikisi terrorçunun sağ ikən çəkilən fotoları, digər ikisi isə ona bənzər kişinin meyitinin şəkilləridir. Məlumat öz rəsmi təsdiqini tapmayıb.
Bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi mayın 28-də Rəqqa şəhərinə endirilən aviazərbələr nəticəsində İŞİD liderinin ölmə ehtimalının olduğu barədə məlumat yayıb. Pentaqon isə bu barədə məlumatı təsdiq etməyib.
İranın dini lideri Əli Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusundakı şəxsi nümayəndəsi isə iyunun 29-da terrorçu Əl-Bağdadinin öldüyünə dair heç bir şübhəsinin olmadığını bəyan edib.