Hindistanda COVID-19-a qarşı “dünyanın ən böyük” peyvənd kampaniyası başlayıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Narendra Modi səhiyyə işçilərinə video müraciətində elan verib.
Kampaniyanın ilk günü ölkə boyu açılmış 3 006 mərkəzin hər birində 100-dək könüllü peyvənd olunacaq. İlk növbədə avqust ayının əvvəllərinədək iki dozla peyvəndlənəcək olanlar 30 milyon səhiyyə işçisi və peyvənd işlərinə cəlb ediləcək polis, hərbçi, bələdiyyə əməkdaşı və digərləri, həmçinin risk qrupuna daxil olan 270 milyon 50 yaş və yuxarı şəxs və ya səhhəti zəif olan nəzərdə tutulur.
Peyvənd kampaniyasında rəsmi qeydiyyatdan keçmiş “Astra Zeneca” şirkətinin dərmanı əsasında Hindistan Serum İnstitutu tərəfindən hazırlanmış 72 faizlik təsirə malik “Covishield” dərmanının hazırlanmış 11 milyon dozu, habelə “Bharat Biotech” şirkətinin məhsulu olan “Covaxin” dərmanının 5,5 milyon dozu istifadə olunacaq. Dərmanlar 28 günlük fasilə ilə iki dozla vurulur.
Qeyd edək ki, Çindən sonra ən böyük əhali sayına (1,3 milyard) malik Hindistanda indiyədək koronavirusa 10,5 milyon nəfər yoluxub, bunlardan 151 mini dünyasını dəyişib.