Hindistanın hakimiyyət orqanları hindilər üçün müqəddəs sayılan Qanq çayı sahilində basdırılmış yüzlərlə meyit aşkarlayıb.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” bildirib.
Qeyd edilir ki, hadisə Uttar-Pradeş ştatında baş verib. Çayın Pryaqrac şəhərindəki sahilində 300 meyitin dəfn edilməsi aşkar olunub. Rəsmi şəxslər hesab edir ki, ölənlər COVID-19 qurbanlarıdır.
Polis zabiti Kumar Sinqx bildirib ki, hakimiyyət orqanları bu ərazini COVID-19 qurbanlarının kremasiyası yeri kimi müəyyənləşdirib. O, qeyd edib ki, vətəndaşlara dünyasını dəyişmiş yaxınlarını çayın sahili boyunca dəfn etmələri qadağan olunacaq.
Qeyd edək ki, bu, Hindistanda koronavirus qurbanlarının qeyri-adi dəfni ilə bağlı qeydə alınan ilk belə hadisə deyil. Mayın 10-da Qanq çayında koronavirusdan öldüyü güman edilən onlarla insanın meyiti tapılıb.