Bakı. 11 aprel. REPORT.AZ/ Hindistanın şərqində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" "Associated Press"ə istinadən xəbər verir ki, nəticədə ən azı 13 nəfər, o cümlədən iki uşaq ölüb.
Məlumata görə, aprelin 10-da səhər saatlarında Kəlküttə şəhərindən 100 km şimalda içərisində hindu zəvvarların olduğu avtobus dərəyə aşıb. Hadisə nəticəsində 43 nəfər sərnişin də xəsarət alıb.
Yerli polis hadisə yerindən qaçan sürücü və onun köməkçisini axtarır. İlkin araşdırmaya görə, sürücü içkili olub və döngədə sürəti həddən artıq artırıb.
Yerli polisin məlumatına görə, 54 nəfər üçün nəzərdə tutulan avtobus sərnişinlərlə dolu olub, hətta bəziləri avtobusun damında əyləşib. Zəvvarlar Burdvan şəhərindən Mayapurda yerləşən hindu məbədinə gedirmişlər.
Qeyd edək ki, Hindistanın yolları dünyada ən təhlükəli yollar sayılır. Hər il ölkənin müxtəlif regionlarında yol-nəqliyyat hadisələri nəticəsində minlərlə insan həlak olur. Buna səbəb kimi nəqliyyat vasitələrinin ehtiyatsız idarə edilməsi, həddən artıq yüklənməsi və yol örtüyünün bərbad vəziyyəti göstərilir.