Hindistan kifayət qədər sənəd olmadığı üçün Rusiyanın “Lukoil” şirkətinin Arktika neftini daşıyan köhnə tankerinin limana giriş tələbini rədd edib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, “Lukoil” şirkətinin Murmansk limanındakı ehtiyatlarından yüz minlərlə ton “Varandey” xam nefti ilə yüklənmiş Tanzaniya bayrağı altında üzən “Andaman Skies” tankeri dövlətə məxsus “Indian Oil Corp” neft emalı zavodunu təchiz etmək üçün Vadinar limanına gəlib.
Lakin tankerin limana daxil olmasına icazə verilməyib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qərb hakimiyyəti Rusiya neftinin tədarükünə və neftin qiyməti müəyyən həddi keçdiyi halda onun nəqlinə embarqo tətbiq etməyə başlayıb. Qərb birbaşa sanksiyalar tətbiq etməkdən ehtiyat edib, çünki bu, neftin dünya qiymətlərində kəskin sıçrayışa səbəb ola bilər.
Rusiya buna cavab olaraq köhnə tankerlərdən istifadə edərək “kölgə donanması” yaradıb. Yanvarın əvvəlində ABŞ Rusiyaya qarşı böyük sanksiyalar paketi təqdim edib və ekspertlər bunu “son illərin ən sərti” adlandırıblar. Məhdudiyyətlər həm də yuxarıda adı çəkilən “kölgə donanmasının” işini pozmaq məqsədi daşıyıb.