Hindistan-Çin sərhədində hərbi toqquşmalar baş verib.
"Report" xəbər verir ki, bu barədə ANI xəbər agentliyi məlumat yayıb.
Çin hərbçiləri iki ölkəni ayıran faktiki nəzarət xəttinə daxil olub, lakin Hindistan hərbçiləri tərəfindən geri qaytarılıb. Hər iki tərəfdən bir neçə hərbçi yüngül yaralanıb.
Qeyd edək ki, 2020-ci ilin may ayında iki ölkənin sərhədindəki dağlıq Ladax bölgəsində ağır toqquşmalar baş verib. Hindistan və Çin əraziyə ağır artilleriya, tanklar və təyyarələr göndərib. Keçən il hərbi və diplomatik səviyyədə danışıqlardan sonra Pekin və Yeni Dehli qoşunların sərhəd xəttindən qarşılıqlı şəkildə çıxarılmasına başlayıb.
Himalay dağlarında Hindistan və Çin arasında demarkasiya edilmiş sərhədin olmaması (iki ölkə faktiki nəzarət xətti ilə ayrılır) onilliklər ərzində gərginlik mənbəyi olub. 1959-cu ildə Hindistan Çin tərəfinin Arunaçal-Pradeş əyalətinin bir hissəsini ələ keçirdiyini elan edib.1962-ci ildə Hindistan-Çin silahlı qarşıdurması nəticəsində Hindistana məxsus təxminən 38 min kvadratmetr ərazi Çinin nəzarətinə keçib.