"Guardian" xəstəxanaya raket hücumu barədə: Dəlillər Qəzzadakı silahlıların əleyhinədir, ölü sayı şişirdilib

"Guardian" xəstəxanaya raket hücumu barədə: Dəlillər Qəzzadakı silahlıların əleyhinədir, ölü sayı şişirdilib Oktyabrın 17-də, axşam, Qəzza zolağındakı Əl-Əhli xəstəxanasının atəşə tutulmasında münaqişə tərəfləri bir-birini ittiham etsə də, dəlillər daha çox fələstinli silahlıların əleyhinədir. Zərərçəkmişlərin sayı isə şişirdilib.
Digər ölkələr
19 Oktyabr , 2023 02:54
Guardian xəstəxanaya raket hücumu barədə: Dəlillər Qəzzadakı silahlıların əleyhinədir, ölü sayı şişirdilib

Oktyabrın 17-də, axşam, Qəzza zolağındakı Əl-Əhli xəstəxanasının atəşə tutulmasında münaqişə tərəfləri bir-birini ittiham etsə də, dəlillər daha çox fələstinli silahlıların əleyhinədir. Zərərçəkmişlərin sayı isə şişirdilib.

“Report” xəbər verir ki, bu qənaətə “Guardian”ın analitik məqaləsində gəlinib.

Məqalədə xatırlanıb ki, Fələstin rəsmiləri 471 nəfərin ölməsi, 314 nəfərin yaralanmasına səbəb olan partlayışı İsrailin hava hücumu ilə əlaqələndirib. İsrail isə olayın Fələstin "İslami Cihad" qrupunun uğursuz raket atışı nəticəsində baş verdiyini bildirib. Açıq mənbələrdən olan video və xəbər yayımları əsasında aparılan kriminalistik ekspertiza hadisənin hansı şəraitdə baş verdiyinə dair təsəvvürlər yaradıb. Onlarda xəstəxananın yerli vaxtla saat 18:59-da vurulduğu, binanı bürüyən nəhəng narıncı şleyf əks olunub.

“Al Jazeera” telekanalının yayımından Qəzza üzərində atılmış raketin yüksəldiyi, daha sonra alovlanmağa başlandığı görünür. Bir müddət sonra xəstəxanada partlayış olur.

Partlayış haqqında ilk məlumatlar 19:00-19:20 arasında daxil olmağa başlayıb. Bu müddətdə HƏMAS-ın teleqrama kanallarında İsrailə zərbə endirilməsinə dair məlumatlar dərc olunub. Belə ki, 19:00-da birində İsrailin Aşdod şəhərinə “raket hücumu” edildiyi bildirilib, digərində Təl-Əvivə hücum təsvir olunub.

20:14-də isə HƏMAS əlavə məlumat təqdim edərək R160 raketi vasitəsilə şimaldakı Hayfanı atəşə tutduğunu bəyan edib. Bunun ardınca Qəzzadakı rəsmilər mətbuata açıqlama verərək xəstəxanadakı partlayışda İsraili günahlandırıb və hadisəni “dəhşətli qətliam” adlandırıblar.

Partlayışın baş verdiyi dəqiq yeri zərbənin yaratdığı xəstəxana ərazisindəki kraterdən müəyyənləşdirmək mümkündür. Uzmanların fikrincə, sözügedən krater “yetərincə dərin deyil”.

Pentaqonun keçmiş müşaviri Mark Qarlasko “Guardian”a deyib ki, itkilərin sayı şişirdilib: “Say astronomik dərəcədə yüksəkdir, doğrudursa, bu bütün zamanların ən böyük diapazonudur”.

“Krater hava hücumuna uyğun gəlmir, onun uğursuzluqla nəticələnən və faydalı yükünü geniş əraziyə buraxan silah olması ehtimalı daha yüksəkdir. Krater və ətrafdakı zədələr də JDAM hava bombası ilə uyğun gəlmir. Yerdəki dəlik kinetik enerjidən yaranıb”, - o vurğulayıb.

Londondakı Krallıq Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) böyük elmi işçisi Castin Bronk görüntülərdə JDAM bombalarına uyğun gələn heç bir kraterin və ya izin əks olunmadığını dilə gətirib. O bununla bağlı yekun nəticəyə varılmadığını da vurğulayıb. Mütəxəssisin fikrincə, dəymiş ziyanın miqyası belədirsə, raket nasazlığı daha ağlabatandır.

“Partlayışdan bir neçə saat sonra həkimlər yerdə yığılıb qalmış meyitlərin əhatəsində kədərli mətbuat konfransı keçiriblər”, - qəzet yazıb.

Nəşr qeyd edib ki, xəstəxana hələ ötən həftə də hücuma məruz qalıb. Bundan sonra hospital rəhbərliyi İsrailin xəbərdarlığını xatırladaraq, insanları ərazini tərk etməyə çağırıb.

Yepiskop Hosam Naumun sözlərinə görə, xəstəxana ərazisini 5 000-ə yaxın insan tərk etsə də, bölgə növbəti dəfə aviazərbələrə məruz qalandan sonra onların əksəriyyəti xəstəxananın ərazisini daha təhlükəsiz hesab edərək qayıdıb.

Son xəbərlər

Orphus sistemi