G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) müdafiə nazirləri Kiyevə Ukrayna ordusunun bölmələrinin döyüş qabiliyyətinin bərpası və regenerasiyası üçün hərbi hazırlıq və təlim təşəbbüslərini dəstəkləməyi vəd ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Neapolda keçirilmiş nazirlik görüşünün yekun bəyanatında deyilib.
“Biz, silahlı qüvvələrin regenerasiyası və döyüş qabiliyyətinin bərpası zərurətini nəzərə alaraq, qısa və uzunmüddətli perspektivdə Ukrayna hərbçilərinin və təhlükəsizlik qüvvələrinin təlim və hazırlığını dəstəkləməyi prioritet hesab edirik. Biz NATO və Aİ-nin bu istiqamətdə səylərini alqışlayırıq”, – sənəddə qeyd olunub.
Almaniyanın müdafiə naziri Boris Pistorius həmkarları ilə görüşün gedişində G7 ölkələrinin Ukraynaya yardımın artırılması imkanlarını nəzərdən keçirdiyini açıqlayıb.
“Konkret vədlər var, ancaq onlar hələlik açıq şəkildə elan edilməyəcək”, – NTV telekanalı onun sözlərindən sitat gətirib.
Pistorius hesab edir ki, ilk növbədə Ukrayna hərbçilərinin hazırlığını davam etdirmək lazımdır, çünki, onun qiymətləndirməsinə görə, bu, mərkəzi rol oynayır. O həmçinin bildirib ki, Ukrayna G7 ölkələrinin hökumətləri tərəfindən vəd edilən 50 milyard dollarlıq kreditdən ilin sonunadək və ya hər halda gələn ilin əvvəlində yararlana biləcək.