Qəza vəziyyətində olan “Fukusima-1” AES-in ikinci enerji blokunda radioaktiv materiallarla çirklənmiş 25 ton su sızması baş verib.
“Report” xəbər verir ki, bu barədə NHK telekanalı stansiyanın operatoru “Tokyo Electric Power” (TEPCO) şirkətinə istinadən məlumat yayıb.
Sızıntı, ikinci reaktorun işlənmiş nüvə yanacağının soyudulması üçün nəzərdə tutulan hovuzda suyun miqdarını qiymətləndirmək üçün istifadə edilən rezervuarda su səviyyəsinin azalmasından sonra aşkar edilib. Hovuzun özündə su səviyyəsi normaldır.
Reaktor binasına baxış keçirilərkən məlum olub ki, kanalizasiya sistemləri vasitəsilə zirzəmiyə 25 tona yaxın su daxil olub. Çöldə heç bir sızma aşkar edilməyib.
Yanacağın soyudulması üçün hovuza suyun vurulması dayandırılıb, lakin TEPCO-nun bildirdiyi kimi, bu, yanacağın maksimal temperaturunu 65 dərəcə Selsi keçməsinə səbəb olmayacaq. Bir müddət sonra daha ətraflı yoxlama üçün ikinci enerji blokunun binasına robot daxil ediləcək.