Fransa prezidenti Emmanuel Makron bu gün Parisdə Polşa prezidenti Anjey Duda ilə danışıqlar aparacaq.
“Report” xəbər verir ki, bu barədə Yelisey sarayının yaydığı məlumatda deyilir.
"Fransa prezidenti Emmanuel Makron oktyabrın 27-də Yelisey sarayında Polşa prezidenti Anjey Dudanı qəbul edəcək", - administrasiyadan bildiriblər. Yelisey Sarayı bu görüşün qanunun aliliyi ilə bağlı böhranın aradan qaldırılması üzrə dialoqu davam etdirməyə imkan verəcəyini vurğulayıb.
"Liderlər həmçinin Fransanın Avropa İttifaqı Şurasına sədrliyinə hazırlıqla bağlı digər aktual məsələləri də müzakirə edəcəklər", - administrasiyadan əlavə olunub.
"İki dövlətin başçıları xüsusən miqrasiya, iqlim, enerji, sənaye, Avropanın müdafiəsi və digər məsələlərlə bağlı müzakirələr aparacaqlar”, - məlumatda vurğulanır.