Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Fransa Prezidenti Emmanuel Makronu nüvə silahının tətbiqi ilə bağlı açıqlamasına görə qınayıb.
"Report" UNIAN-a istinadən xəbər verir ki, o, Fransa liderinin bununla nüvə silahının tətbiqi üzrə planın yayılmaması haqqında informasiyanı qoruma prinsipini pozduğunu bildirib: "Bu, Prezident Makronun kartını açmasıdır".
B.Uolles deyib ki, Rusiyanın nüvə silahından mümkün istifadəsi 1945-ci ildə tətbiq edilmiş tabuları pozacağı üçün ciddi nəticələrə səbəb ola bilər. Nazir belə bir addımın Rusiya Prezidenti Vladimir Putini və ölkəsini bütün dünyadan təcrid vəziyyətinə salacağını vurğulayıb.
Xatırladaq ki, Emmanuel Makron bir müddət əvvəl Rusiyanın Ukraynaya nüvə zərbəsi endirəcəyi təqdirdə Fransanın bu silahından istifadə etməyəcəyini bildirib.