Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini elan edib.
“Report” xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, sayca 22-ci hərbi yardım təxminən 190 milyon avro dəyərindədir.
Bildirilib ki, təhlükəsizlik tədbirlərinə görə, hərbi yardıma nələrin daxil olduğu və onun çatdırılmasının təfərrüatları açıqlanmır.
Bu yardım paketinə Finlandiya istehsalçılarından alınmış məhsullar da daxildir. Onun alınması üçün 30 milyon avro məbləğində ayrıca maliyyə ayrılıb.
Məlumata görə, Finlandiya hazırda Ukraynaya dəstək üçün uzunmüddətli plan hazırlayır.
Bundan əlavə, Finlandiya Ukraynaya silahlı yardımı əlaqələndirən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu çərçivəsində fəaliyyət göstərən artilleriya və minalardan təmizləmə koalisiyalarında iştirak etmək qərarına gəlib.
Finlandiyanın Ukraynaya tədarük etdiyi müdafiə materiallarının ümumi dəyəri 1,8 milyard avro təşkil edir.