Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması hansısa ölkəyə qarşı yönəlməyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö tvitterdə bildirib.
“Finlandiyanın üzvlüyü kiməsə qarşı yönəlməyib. Bu, həmçinin dövlətin xarici və təhlükəsizlik siyasətinin əsasını və ya məqsədlərini dəyişmir. Finlandiya mübahisələrin sülh yolu ilə həllinə çalışan sabit və proqnozlaşdırıla bilən Skandinaviya ölkəsidir. Finlandiya üçün vacib olan prinsiplər və dəyərlər bundan sonra da xarici siyasətimizi müəyyən edəcək”, - o, bildirib.
Prezidentin sözlərinə görə, Finlandiyanın alyansa qoşulması ölkə tarixində hərbi birləşmələrə qoşulmama dövrünü başa vurub. Bununla belə, S.Niinistö vurğulayıb ki, İsveç olmadan ölkənin bloka üzvlüyü tam deyil.
Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdi, lakin Türkiyə onlardan PKK-nı terrorçu elan etmələrini və 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək giriş prosesini əngəlləmişdi.