Filippində Kompasu tropik qasırğasının səbəb olduğu leysan yağışları nəticəsində 9 nəfər ölüb, 11 nəfər itkin düşüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən çox əhalisi olan Luzon adasında təbii fəlakət üzündən 1600-dək sakin təxliyə olunub.
Milli Fəlakət Risqini Azaltma və İdarəetməsi Şurasından (NDRRMC) bildirilib ki, Benquet əyalətində 4 nəfər torpaq sürüşməsi, Kaqayan əyalətində isə 1 nəfər daşqın nəticəsində həlak olub.
Kaqayan əyalət hökumətinin ictimaiyyətlə əlaqələr müdiri Rogelio Sendinq bütövlükdə 11 bələdiyyə ərazisinin daşqın suları altında qaldığını, bu gün səhərdən su çəkilməyə başlasa da, əsas yollar və körpülərin hələ də su altında qaldığını deyib.
Palavan əyalətində də 4 nəfərin həlak olduğu və 4 nəfərin də itkin düşdüyü, 7-8 kəndin su basdığı qeyd olunur.
Hava bürosunun məlumatına görə, Kompasu tropik qasırğası sahəsində külək 100 km/saatadək, arada 125 km/saatadək güclənir. Filippindən sonra qasırğanın Çinə məxsus Haynan adasına doğru hərəkət edəcəyi bildirilir.