Yuxarı

Fergüson: fövqəladə vəziyyət daha bir gün uzadıldı

Missuri ştatının rəhbərliyi bu qərarı şəhərdə vəziyyətin hələ də gərgin olması ilə izah edib

Bakı. 14 avqust. REPORT.AZ/ ABŞ-ın Fergüson şəhərində qaradərili Maykl Braunun ölümünün ildönümü fonunda elan edilən fövqəladə vəziyyət daha bir gün uzadıldı.

"Report" BBC-yə istinadən xəbər verir ki, Missuri ştatının rəhbərliyi bu qərarı şəhərdə vəziyyətin hələ də gərgin olması ilə izah edib. 

18 yaşlı Afrika əsilli amerikalı Maykl Braun 2014-cü ilin avqustun 9-da Fergüson şəhərinin kənarındakı Sent-Luis səmtində hüquq mühafizəçilərinin tələblərinə tabe olmadığı və onlardan biri ilə əlbəyaxa savaşa çıxdığı üçün qətlə yetirilib. Bəzi şahidlərin dediyinə görə, polis Maykla atəş açan zaman artıq o, əllərini qaldırmışdı.

Həmin hadisə ABŞ-da, əsasən də 21 minlik əhalisinin üçdə iki hissəsini afroamerikalıların təşkil etdiyi Fergüsonda irqi zəmində qətl kimi qiymətləndirilir. Bununla bağlı Fergüsonda və Missurinin başqa şəhərlərində bir çox hallarda iğtişaşlarla müşayiət olunan mütəmadi nümayişlər başlamışdı. Etirazçılar Mayklı güllə ilə vuran polisin həbs olunaraq məhkəmə qarşısına çıxarılmasını tələb edirdi.

Polis əməkdaşının günahsız olduğuna qərar verən Ədliyyə Nazirliyi gərginliyin artmasına səbəb oldu.

Etiraz aksiyaları zamanı həddən artıq sərt davranan amerikalı polislər nümayişləri rezin güllələr və gözyaşardıcı qaz vasitəsilə dağıdaraq beynəlxalq hüquq təşkilatları tərəfindən kəskin tənqidə məruz qalmışdılar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi