Estoniyanın Sırqala kəndində hərbi poliqonun ərazisi bir neçə dəfə artırılacaq.
“Report” xəbər verir ki, Estoniyanın müdafiə naziri Hanno Pevkur bu poliqonun ərazisinin genişləndirilməsi ilə bağlı əmri təsdiq üçün hökumətə göndərib.
O, Baltikyanı respublikanın sürətlə hərbi potensialını artırdığını diqqətə çatdırıb. Nazirin sözlərinə görə, bu, təlim imkanlarının genişləndirilməsi zərurətinə gətirib çıxarır.
“Estoniyanın şimal-şərqində mövcud Sırqala poliqonunun ətrafında onu lazımi həcmdə, 2790 hektardan 7772 hektara qədər genişləndirmək üçün kifayət qədər dövlət torpağımız var”.
Estoniya Müdafiə Nazirliyi yanında Müdafiə İnvestisiyaları üzrə Dövlət Mərkəzinin layihə rəhbəri Elari Kalmarunun sözlərinə görə, hazırda bu poliqonda lazımi miqyasda hərbi təlimlərin təşkili mümkün deyil:
“İndi qrup döyüş atışlarını, tank əleyhinə silahlardan, minaatanlardan və iriçaplı pulemyotlardan atəş açmaq, həmçinin zirehli texnikanın təlim qaçışlarını təşkil etmək mümkündür, lakin mexanikləşdirilmiş bölmələrlə döyüşü imitasiya edən manevrlər aparmaq mümkün deyil”.