Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edib

Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.
Digər ölkələr
31 Oktyabr , 2021 15:08
Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edib
Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden

Ağ Ev “Böyük iyirmiliyin” (G20) liderlərinin Romada keçirilən sammiti çərçivəsində Nuvola Konqres Mərkəzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşü barədə məlumat yayıb.

“Report” xəbər verir ki, məlumata əsasən ABŞ və Türkiyə prezidentləri Suriyadakı siyasi prosesləri, Əfqanıstana humanitar yardımın çatdırılmasını, Liviyadakı seçkiləri, Şərqi Aralıq dənizindəki vəziyyəti və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər.

“Prezident Bayden müdafiə sahəsində tərəfdaşlığımızı və Türkiyənin NATO müttəfiqi kimi əhəmiyyətini bir daha təsdiqləyib. O, konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və fikir ayrılıqlarını effektiv şəkildə həll etmək istəyini vurğulayıb”.

1 saat 10 dəqiqə davam edən görüşdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılıq əldə olunub. NATO müttəfiqliyi və strateji tərəfdaşlıq məsələlərinin də əsas müzakirə mövzusu olduğu görüşdə iqlim dəyişikliyi ilə bağlı atılan birgə addımlardan məmnunluq ifadə olunub.

14:26

Romada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin ikitərəfli görüşü keçirilib.

“Report” xəbər verir ki, görüş “Böyük iyirmiliyin” (G20) liderlərinin sammiti çərçivəsində baş tutub.

Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken də iştirak edib.

13:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammiti çərçivəsində görüşən liderlər kameralar qarşısında qısa salamlaşdıqdan sonra görüş otağına yollanıblar.

Amerikalı jurnalistin "Türkiyəyə F-16-ları verməyi düşünürsünüzmü?" sualına ABŞ prezidenti C.Bayden “Yaxşı görüş keçirməyi planlaşdırırıq” deyə cavab verib. Bağlı qapılar arxasında keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.

Ərdoğan daha əvvəl bildirmişdi ki, Cozef Baydenlə qarşıdakı danışıqların əsas mövzusu Türkiyənin beşinci nəsil F-35 təyyarələrinin hazırlanması proqramında iştirakı məsələsi olacaq.

Türkiyə və ABŞ liderləri sonuncu dəfə iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində görüşüblər.

Son xəbərlər

Orphus sistemi