Türkiyə Qərb naminə Şərqdən üz döndərmir və Şərq naminə Qərbi diqqətdən kənarda qoymur.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa müraciətində bildirib.
“Biz kiminsə bizi blok çərçivələri ilə məhdudlaşdırmasına imkan verməyəcəyik. Biz Qərb naminə Şərqdən üz döndərmirik və Şərq naminə Qərbə də laqeyd yanaşmırıq. Dostlarımızın sayının artmasına böyük önəm veririk. Görürük ki, bu təşəbbüslər təkcə bizə deyil, həm də qonşularımıza lazımdır”, - Ərdoğan deyib.
O xatırladıb ki, iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammiti çərçivəsində Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinlə danışıqlar aparıb.
“Görüşlərimiz çox məhsuldar keçdi, biz Rusiya və Çin ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindəyik”, - Türkiyə dövlət başçısı vurğulayıb.