Bakı. 19 may. REPORT.AZ/ Ekvador Braziliya prezidenti Dilma Rousseffin hakimiyyətdən kənarlaşdırılması ilə əlaqədar olaraq bu ölkədəki səfirini geri çağırıb.
"Report" xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin xarici işlər naziri Qiyom Lonq məlumat verib.
"Mən Braziliyadakı səfirimizi məsləhətləşmək üçün geri çağırdım, onunla bu ölkədəki siyasi vəziyyəti müzakirə etmək üçün görüş keçirəcəyəm", — deyə Ekvador XİN-i öz "Twitter" səhifəsində Lonqun bəyanatını sitat gətirir.
Beləliklə, Ekvador Rousseffin hakimiyyətdən kənarlaşdırılmasından sonra öz diplomatik nümayəndəsini geri çağırmış üçüncü Latın Amerikası ölkəsi olub.
Ondan əvvəl bu addımı Venesuela və Salvador atmışdı.