ABŞ-nin 45-ci prezidenti Donald Trampa sui-qəsd cəhdi onun noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmək şansını artıra bilər.
"Report" xəbər verir ki, bunu rusiyalı ekspert, ABŞ-də siyasi proseslər üzrə mütəxəssis Yevgeni Minçenko deyib.
“İnanıram ki, bu, Trampın qalib gəlmə şansını xeyli artırır, onun “sistemə qarşı çıxan döyüşçü” imicini gücləndirir", - ekspert bildirib.
Minçenko hesab edir ki, Amerika mediasında Trampa qarşı son dərəcə mənfi münasibət nəzərə alınmaqla bu sui-qəsdin motivləri və şəraitinin təhlili aparılmalıdır:
“Bir sıra Amerika mediasında Tramp "demokratiyası üçün dəhşətli təhlükə” kimi təqdim edilib".
Bu arada CNN telekanalı Pensilvaniya seçici məlumat bazalarına istinadən xəbər verib ki, Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs Respublikaçılar Partiyasının üzvü olub. Məlumata görə, 20 yaşlı Tomas Metyu Kruks qeydiyyatdan keçmiş seçici olub və ilk dəfə 2024-cü ildə səs verə bilər.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.