Fransa yəhudiləri uşaqlarının bu ölkədəki gələcəyindən narahatdırlar, prezident məsələyə müdaxilə etmir
Bunu "Report"un Fransa bürosuna açıqlamasında Diplomatiya və Dialoq üçün Beynəlxalq Şuranın direktoru Erik Gozlan bildirib.
Onun sözlərinə görə, Fransada yəhudilərə qarşı təhqirlərin, antisemit ifadələrin sayı artıb:
"Mən ilk dəfədir Fransada yaşayan yəhudilərin bu qədər qorxu yaşadıqlarını görürəm. Bu qorxu əbəs yerə deyil. Yaşlılar küçəyə milli geyimdə çıxmağa qorxurlar. Şagirdlər məktəbdən çıxarkən yəhudilərə məxsus olan baş örtüyü olan kipanı çıxarmağa məcburdurlar. Yəhudi taksi sürücüləri iş başında olarkən sərnişinlərindən soyadlarını gizlədirlər. Heç bir yəhudi metroda, yaxud digər ictimai yerdə yəhudi dilində nəşr edilmiş qəzet və jurnal çıxarıb oxumağa cəsarət etmir. Aqressiv hərəkət və təhqirə məruz qalmaqdan qorxurlar".
Şura rəhbəri deyib ki, bir ay ərzində minlərlə yəhudi Fransanı tərk etmək üçün müraciət edib:
"Valideynlər uşaqlarının bu ölkədəki gələcəyindən çox narahatdırlar. Yəhudi olduqları üçün üzərlərinə barmaq silkələnir, ona görə də belə bir ölkədə qalıb yaşamağın nə dərəcədə düzgün olduğunu sorğulayırlar. Bir neçə həftə ərzində üç min ailə Fransanı tərk etmək üçün müraciət edib. Yəhudilər Fransadan getmək istəyirlər. Bu gün onlar övladlarının Fransada gələcəyinin olmadığı fikrindədirlər".
E.Gozlan təəssüflə qeyd edib ki, ölkə prezidenti mövcud vəziyyətə münasibət bildirməkdən yayınır:
"Məsələ çox ciddidir. Polis, daxili təhlükəsizlik orqanları məsələdən xəbərdardırlar. Belə bir ciddi vəziyyətdə prezident xalqa müraciət etməlidir. O, əhalini antisemitizmə son qoymağa dəvət etməlidir. İnsanların dövlət başçısından bu məsələyə reaksiyasını gözlədikləri bir vaxtda Fransa prezidentindən səs çıxmır".
Ekspert vurğulayıb ki, əhalini yəhudilərə qarşı qızışdıranlar siyasi qruplardır:
"Ümumiyyətlə, yəhudilərə qarşı hər zaman antisemitizm olub. Bu, ifrat sağçıların ideyaları ilə əlaqəlidir. Lakin bu gün Fransada yeni antisemitizm baş qaldırıb. Bu da siyasi antisemitizmdir. Təəssüflər olsun ki, Fransada etiraz aksiyaları siyasi qrupların dəstəyi ilə keçirilir. Onlar HƏMAS-a dəstək məqsədilə keçirilən son aksiyalara hətta LGBT nümayəndələrini də cəlb ediblər. Halbuki onları Fələstinə göndərsək, aksiyaları heç bir saniyə belə baş tutmaz".