Efiopiyanın Tiqray bölgəsində dünən baş verən hava hücumu nəticəsində ölənlərin sayı 64 nəfərə, yaralıların sayı isə 180 nəfərədək yüksəlib.
“Report” “AFP”yə istinadən xəbər verir ki, ana və uşaq sağlamlığına dair yerli administrasiyanın müşaviri Mulu Atsbaha hava zərbəsinin bölgənin inzibati mərkəzi Mekele şəhərinin 30 km şimal-qərbindəki Toqoqa qəsəbəsinin bazarına endirildiyini bildirib.
Efiopiya ordusunun sözçüsü Getnet Adane hücum faktını təsdiqləsə də, hədəfdə üsyançı dəstələrin olduğunu, ölən və yaralıların “mülki geyimli yaraqlılar” olması ehtimalını dilə gətirib.
Şahidlər və səhiyyə işçiləri isə hava hücumunun bazarda alverin pik saatlarında həyata keçirildiyini, ölən və yaralılar arasında uşaqlar da olduğunu deyirlər.
BMT hava hücumuna dair təhqiqat aparmağa çağırıb.