Dünyanın su altında qalacaq dövləti sakinlərin köçü ilə bağlı tədbirlərə başlayıb

Dünyanın su altında qalacaq dövləti sakinlərin köçü ilə bağlı tədbirlərə başlayıb BMT-nin iqlim sammitinə (COP26) müraciət edən Tuvalu ada dövlətinin (Okeaniya) xarici işlər naziri Simon Kofe dizlərinə qədər suyun içində dayanaraq, ölkəni su basarsa, sakinlərin köçmək məcburiyyətində qalacağını söyləyib.
Digər ölkələr
1 Dekabr , 2021 08:38
Dünyanın su altında qalacaq dövləti sakinlərin köçü ilə bağlı tədbirlərə başlayıb

BMT-nin iqlim sammitinə (COP26) müraciət edən Tuvalu ada dövlətinin (Okeaniya) xarici işlər naziri Simon Kofe dizlərinə qədər suyun içində dayanaraq, ölkəni su basarsa, sakinlərin köçmək məcburiyyətində qalacağını söyləyib.

“Report” xəbər verir ki, bu barədə “Lenta.ru” bildirib.

O, qeyd edib ki, Tuvalu hakimiyyəti qlobal istiləşmə ilə bağlı ən pis ssenarini nəzərdən keçirir - adanın ərazisi dünya okeanları tərəfindən su altında qalacaq və yaşayış üçün yararsız olacaq. Kofenin fikrincə, bu baş verərsə, Tuvalu dünyada iqlim fəlakətləri səbəbindən köçən ilk ölkə olacaq.

Artıq Tuvalunun 5 000 nəfərə yaxın sakini Yeni Zelandiyaya köçüb. "Hazırda bu, dövlətimizin ümumi əhalisinin təxminən 50 faizini təşkil edir", - nazir deyib.

Artıq ölkə rəhbərliyi analoji vəziyyətə hazırlığa başlayıb - hakimiyyət məsələni beynəlxalq hüquq müstəvisində həll etməyə çalışır. “Biz ərazimizi itirsək belə, Tuvalunu tanıyan ölkələr tapmağa çalışırıq. Həmçinin texnologiyaları müzakirə edirik ki, onların köməyi ilə rəqəmsal bir millət yarada bilək və bunun sayəsində hətta fərqli yerdə olsaq belə, birlikdə hərəkətə davam edək", - nazir qeyd edib. Tuvalu tədbirlərdən biri kimi sakinlərinin onlayn xidmətlər ala bilməsi üçün bütün prosesləri rəqəmsallaşdırmağı planlaşdırır.

Nazir konfransdakı çıxışından və sosial şəbəkədə iş kostyumu geyinərək dizinə qədər suyun içində dayanıb çəkdirdiyi fotodan sonra məşhurlaşıb. Kadrlar ştatın paytaxtının yerləşdiyi Fonqafale adasında çəkilib. Beləliklə, Tuvalu hakimiyyəti iqlimlə əlaqədar dəniz səviyyəsinin dəyişməsi probleminə diqqət çəkmək istəyib.

Qeyd edək ki, ötən ayın əvvəllərində yer üzündən tezliklə yox olacaq ölkələrin adları açıqlanıb. Məlumata görə, qlobal istiləşmə buzların əriməsi və dəniz səviyyəsinin qalxması səbəbindən bir neçə ada dövlətinin yox olmasına səbəb olacaq. İqlim dəyişikliyinin təsir göstərdiyi ərazilərə Kiribati, Tuvalu və Marşal adaları daxildir.

Alimlər qlobal istiləşmənin mənfi təsirlərini yumşaltmaq üçün Yer kürəsində temperatur artımının 1,5-2 dərəcə ilə məhdudlaşdırılmasının zəruriliyini dəfələrlə qeyd ediblər. Bu məqsədlə 2015-ci ildə 190-dan çox dövlət bu məqsədə nail olmaq üçün konkret fəaliyyət planını nəzərdə tutan Paris Sazişini imzalayıb. Sənəd qalıq yanacaqlardan tamamilə imtina etməyi nəzərdə tutmur, lakin ölkələr istixana qazı emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid üçün tədbirlər görməlidir.

Son xəbərlər

Orphus sistemi