Dünyanın enerji şirkətlərinin obyektlərində baş verən böyük fəlakətlər - İCMAL

Dünyanın enerji şirkətlərinin obyektlərində baş verən böyük fəlakətlər - İCMAL "Report" texnogen fəlakətlərdən bəzilərini diqqətinizə çatdırır
Digər ölkələr
16 Dekabr , 2016 18:03
Dünyanın enerji şirkətlərinin obyektlərində baş verən böyük fəlakətlər - İCMAL

Bakı. 16 dekabr. REPORT.AZ/ Hər gün dünyanın müxtəlif yerlərində fərqli miqyaslarda qəzalar, o cümlədən texnogen fəlakətlər baş verir. Hesab edilir ki, texnogen fəlakətlərin xüsusiyyətlərindən biri onun təsadüfi olmasıdır.

"Report" texnogen fəlakətlərdən bəzilərini diqqətinizə çatdırır.

2005-ci ildə BP şirkətinin Texasdakı Neft Emalı Zavodunda partlayış baş verib. Partlayış nəticəsində 15 işçi həlak olub, 170 nəfərdən çox insan yaralanıb.

2011-ci ilin dekabr ayında Oxot dənizində, Saxalin adasından 200 km aralıda “Kolskaya” qazma özülü aşıb. Hadisə nəticəsində göyərtədə olan 67 nəfərdən sadəcə, 14-nü xilas etmək mümkün olub.

2010-cu il aprelin 20-də isə Meksika körfəzində BP-nin “Deepwater Horizon” yarımdalma neft özülündə ABŞ tarixinin ən böyük neft partlayışı baş verib. Bu partlayışda 11 nəfər ölüb, 17 nəfər yaralanıb. Partlayışdan sonra uzun müddət ərzində Meksika körfəzinə neft sızıb. Platforma iki gün ərzində batıb. Hesablamalara görə, BP-yə məxsus “Deepwater Horizon” platformasında baş vermiş partlayış nəticəsində körfəzə 2 ay ərzində 699 milyon litr xam neft dağılıb. Neft sızmasının qarşısı 2010-cu ilin avqust ayında alınıb.

2012-ci ilin noyabr ayında Meksika körfəzində "Black Elk Energy" şirkətinə məxsus özüldə yanğın olub: 3 nəfər həlak olub, 4 nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşüb. İtkin düşənlərdən 1 nəfərin meyitini tapmaq mümkün olmayıb.

2014-cü ilin noyabr ayında Meksika körfəzində "Fieldwood Energy" şirkətinə məxsus özüldə partlayış baş verib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

2015-ci ilin avqust ayında “Pemex” (Petroleos Mexicanos) şirkətinin Meksikanın Monterrey şəhərindən keçən qaz kəmərindəki partlayış nəticəsində 5 nəfər həlak olub.

Bu il aprelin 20-də Meksikanın şərqindəki Verakrus ştatında "Pajaritos" neft-kimya kompleksində partlayış və yanğın baş verib. Hadisə nəticəsində 32 nəfər ölüb. İlkin məlumatlara görə, partlayışa səbəb qaz sızması olub.

İyulun 16-da Başqırdıstanda "Ufaneftexim" ("Başneft" səhmdar neft şirkətinin lövhəsi) neft emalı zavodunda yanğın baş verib. Hadisə nəticəsində 8 nəfər həlak olub. İki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb, NEZ-in 4 əməkdaşı itkin düşüb. Yanğın 300 kvadratmetr ərazini əhatə edib.

Bu il iyulun 27-də İrkutsk vilayətindəki Verxneçonsk yatağında ("Verxneçonskneftqaz") yanğın baş verib. Qəza nəticəsində 6 nəfər həlak olub. Hadisə zamanı elektrik stansiyasında 7 nəfər zədə və yanıq xəsarəti alıb, onlardan biri olay yerində dünyasını dəyişib. Beş nəfər isə sonrakı gün xəstəxanada keçinib.

Bu il noyabrın 1-də Pakistanda Qaddani yük limanında Gəmilərin Utilizasiyası Zavodunda neft tankeri partlayıb. Hadisə nəticəsində 20-dən çox adam həlak olub, 130-dan çox adam isə itkin düşüb. Qəza köhnə tankerin lazımi qaydada təmizlənməməsi səbəbindən baş verib. Belə ki, işçilərin avtogendən istifadə etdiyi sahə neft tullantılarından tam təmizlənməyib.

Bu il dekabrın 15-də Rusiyanın Perm diyarında Demeneva kəndi yaxınlığında "Lukoyl" neft şirkətinin işçilərini daşıyan PAZ avtobusu "KamAZ" avtosisterni ilə toqquşub. Qəza nəticəsində avtobusdakı 3 sərnişin həlak olub, hər iki nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla, 5 nəfər ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi