2020-ci ildə 18 dövlətdə pandemiya ilə əlaqədar edam hökmünün icrası dayandırılmayıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) hesabatında bildirilib.
Misir 2019-cu illə müqayisədə edamların sayını üç dəfə artırıb. Ölkədə 2020-ci ildə azı 107 ölüm hökmü icra olunub. Bu rəqəmin həqiqəti əks etdirmədiyi bildirilib. Təkcə ötən ilin oktyabr-noyabr aylarında 57 nəfər edam olunub. Təşkilatın hələ təsdiqləmədiyi məlumata əsasən, 2020-ci ilin son üç ayında 91 edam hökmü icra edilib.
Məlumata görə Çində koronavirusa görə tətbiq edilən karantin rejimini pozan şəxs edam olunub. Koronavirusla bağlı profilatik tədbirləri pozduğuna görə 2020-ci ilin fevralında 21 nəfərə cinayət işi açılıb. Onların 4-ü barədə ölüm hökmü çıxarılıb. 46 nəfər isə müxtəlif cinayətlərə görə edamla cəzalandırılıb. Çindəki rəqəmin də həqiqəti əks etdirmədiyi istisna olunmur. Təşkilatın əldə etdiyi məlumata əsasən, hər il Çində minlərlə insan edam olunur. Bu göstərici ilə Çin İran, Misir, İraq və Səudiyyə Ərəbistanını qabaqlayır.
ABŞ prezidenti Donald Trampın administrasiyası 17 illik fasilədən sonra 2020-ci ilin 6 ayı ərzində 10 nəfər barədə çıxarılan edam hökmünün icrasına icazə verib.
Məlumata görə, 2020-ci ildə edam olunanların 88 faizi İran, İraq, Misir və Səudiyyə Ərəbistanının “payına” düşür. Ötən il İranda 240 nəfərin edam olunduğu bildirilib. Bu da 2019-cu illə müqayisədə azdır.
Bu ölkələrdəki rəqəmlər nəzərə alınmadan bildirilib ki, 2020-ci ildə edamların icrası son on ildə minimum olub. Hesabat ilində dünya üzrə 483 nəfər edam olunub. 2019-cu ildə isə 1 477 nəfər edam edilmişdi. Məsələn, edam hökmü qalan yeganə Avropa ölkəsi Belarusda 2020-ci ildə edam hökmü icra edilməyib. 2019-cu ildə bu ölkədə azı 4 nəfər barəsində çıxarılan edam hökmü icra edilib. Hüquq müdafiəçilərinin məlumatına əsasən, Belarus müstəqilliyini əldə edəndən 400-dən çox edam hökmü icra olunub.