Pandemiyanın başlanğıcından bəri dünyada 2 002 642 nəfər koronavirusdan ölüb. Bu isə o deməkdir ki, virusa yoluxanların 3 %-i dünyasını dəyişib.
“Report” “Worldometers”ə istinadən xəbər verir ki, ötən gün 15 361 nəfər pandemiyanın qurbanı olub.
İndiyədək 93 545 150 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların böyük hissəsi – 66 845 955 nəfəri sağalsa da, virusun yayılması səngiməyib. Hazırda dünyada aktiv xəstələrin sayı 24 696 553 milyonu ötüb.
Dünyada indiyədək ən çox yoluxma faktı yanvarın 8-də qeydə alınıb – 839 342 yoluxma. Ən çox ölüm halı yanvarın 13-də baş verib – 16 415 nəfər.
Koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilən 111 783 pasiyentin vəziyyəti kritikdir.
Hazırda koronavirusun ən geniş yayıldığı ölkələr ABŞ (23 848 410), Hindistan (10 528 508) və Braziliyadır (8 326 115). Bu üç ölkə COVID-19-dan ölüm hallarına görə də liderdirlər. Belə ki, ABŞ-da 397 994, Braziliyada 207 160, Hindistanda isə 151 954 nəfər virusdan ölüb.
Azərbaycanla həmsərhəd ölkələrdə isə ən çox yoluxma və ölüm halı Rusiyada qeydə alınıb. Rusiyada indiyədək 3 495 816 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 63 940 nəfər vəfat edib, 2 882 044 nəfər isə sağalıb. İranda pandemiyanın başlanğıcından bəri 1 311 810 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 56 538 nəfər ölüb, 1 101 599 nəfər isə sağalıb.
Türkiyədə indiyədək ümumilikdə 2 361 801 yoluxma faktı qeydə alınıb. Onlardan 23 495 nəfər ölüb, 2 236 938 nəfər isə sağalıb.
Ermənistanda koronavirusa yoluxanların sayı 164 000-ə yaxınlaşır. Son sutkada bu ölkədə 396 yeni yoluxma faktı qeydə alınıb. Ermənistanda indiyədək 3 minə yaxın insan koronavirusdan ölüb, 152 320 nəfər isə sağalıb. Hazırda ölkədə 4 253 aktiv koronavirus xəstəsi var.
Gürcüstanda indiyədək 2 893 nəfər pandemiyanın qurbanı olub. Son sutkada Gürcüstanda yoluxanların sayı daha 1 177 artıb. Eyni dövr ərzində 837 pasiyent sağalıb.
Azərbaycanda indiyədək ölkədə 226 200 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 213 279 nəfər sağalsa da, 2 971 nəfər vəfat edib.
Qeyd edək ki, Azərbaycanda gündəlik rekord yoluxma sayı dekabrın 13-də qeydə alınıb – 4 451. Ölkədə ən çox ölüm halı isə ondan 2 gün öncə - dekabrın 11-də qeydə alınıb – 47 ölüm. Hazırda Azərbaycanda 9 950 aktiv koronavirus xəstəsi mövcuddur.