BMT Nigeriyanın şimal-şərqində milyonlarla uşağın ərzaq və qidalanma böhranı ilə üzləşdiyini bildirib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
BMT Nigeriyanın paytaxtı Abuca şəhərində "2024-cü ilin quraqlıq mövsümündə ərzaq təhlükəsizliyi və qida böhranı planı" adlı tədbir təşkil edib.
Təşkilatın humanitar yardım üzrə koordinatoru və Nigeriyadakı daimi nümayəndəsi Məhəmməd Fall proqramın açılışında çıxış edərək terror aktlarının ölkənin şimal-şərqindəki Adamava, Borno və Yobe əyalətlərinə mənfi təsir göstərdiyini söyləyib.
Fall vurğulayıb ki, əyalətlərdə 5,9 milyon uşaq qida böhranı ilə üz-üzədir. Bu, dünyada ən yüksək göstəricidir: "Borno, Adamava və Yobe əyalətlərində də 5 yaşınadək 700 min uşaq yetərincə qidalanmır".
O, qeyd edib ki, ölkədə ərzaq və qidalanma böhranının fəlakətli inkişafının qarşısını almaq üçün 306 milyon dollar maliyyə tələb olunur.