ABŞ prezidenti Donald Trampın impiçmenti məsələsi Konqresin Nümayəndələr Palatasında yanvarın 13-də və ya 14-də müzakirə olunacaq.
“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə palatanın Qaydalar komitəsinin sədri, Demokrat Partiyasının Massaçusets ştatından olan nümayəndəsi Ceyms Makqovern məlumat verib.
O, ölkə prezidentini qabiliyyətsiz elan etməyə çağıran qətnamə layihəsinin bu gün Nümayəndələr Palatasında müzakirəyə çıxarılacağını bildirib. Sənəd Demokrat Partiyasının Meriland ştatından olan nümayəndəsi Ceymi Raskin tərəfindən təqdim olunub. Qeyd edək ki, ABŞ-ın vitse-prezident Mayk Pens Konstitusiyanın 25-ci düzəlişinə əsasən ölkə prezidenti Donald Trampı bacarıqsız elan edə bilər.
“Çərşənbə günü baş verənlərin nəticəsiz qalmayacağını qətiləşdirməliyik... Yəni onun hərəkətləri nəticəsiz qalsa, eyni hadisə təkrarlanacaq. Biz ciddi, şüurlu hərəkət etməliyik. Qarşıdakı çərşənbə günü bu məsələnin Nümayəndələr Palatasında müzakirəsini və qəbul olunmasını gözləyirik”, - C.Makqovern qeyd edib.
Xatırladaq ki, yanvarın 6-sı çərşənbə günü Donald Trampın tərəfdarları Konqres binasına hücum edərək keçirilən iclası pozublar. İğtişaşlar nəticəsində 5 nəfər ölüb, onlarla yaralanan və saxlanılan var. Lakin sonradan Konqres üzvləri yenidən toplaşaraq Cozef Baydenin 3 noyabr seçkilərində qələbə çaldığını rəsmən təsdiqləyiblər.