Yuxarı
    Bağlamaq

    Donald Tramp: "Dövlət katibi vəzifəsinə həqiqətən dünyanın ən dahi biznesmenlərindən birini seçmişəm"

    Forbes jurnalı iki dəfə Reks Tillersonu dünyanın ən nüfuzlu şəxsləri siyahısına salıb

    Bakı. 13 dekabr. REPORT.AZ/ "Dövlət katibi vəzifəsinə həqiqətən dünyanın ən dahi biznesmenləırindən birini, Reks Tillersonu seçmişəm".

    "Report" xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

    Xatırladaq ki, o, bu gün ölkənin ən böyük neft şirkəti olan "ExxonMobil"in rəhbəri Reks Tillersonu ABŞ-ın dövlət katibi olmağa namizədi kimi elan edib.

    Reks Tillerson Oklahoma və Texasda, ABŞ-ın əsas neft-qaz hasil edən ştatlarında böyüyüb. O, 1975-ci ildə Ostində Texas Universitetini bitirib və mühəndislik işi üzrə təhsil alıb. Bundan dərhal sonra da "ExxonMobil" şirkətində mədənlərdə işləməyə başlayıb. Ötən əsrin 90-ci illərində korporasiyanın qaz departamentində biznesin inkişafı xidmətinə rəhbərlik edib, 2006-cı ildə isə Direktorlar Şurasının sədri və baş direktor seçilib.

    R.Tillerson ABŞ-dan xam neft ixracı ilə bağlı bir neçə onilliklər mövcud olmuş qadağanın ləğvinə, eləcə də mayeləşdirilmiş təbii qaz ixracı üzrə layihələrin inkişafı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına nail olub. Onun rəhbərliyi altında "ExxonMobil" şirkləti 2014-cü ildə 34 milyard dollar məbləğində xalis mənfəət əldə edib və 80 milyard dollar məbləğində vergi ödəyib.

    "Forbes" jurnalı iki dəfə Reks Tillersonu dünyanın ən nüfuzlu şəxsləri siyahısına salıb. O, 2014-cü ildə  20-ci pillədə, 2015-ci ildə isə 25-ci sırada qərarlaşıb.

    Qeyd edək ki, Reks Tillersonun rəhbərlik etdiyi “ExxonMobil” şirkəti enerji sahəsində Azərbaycanla da sıx əməkdaşlığa malikdir. Şirkət "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 8% paya sahibdir. Bu ilin noyabrın 7-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Abu-Dabidə keçirilən Beynəlxalq neft-qaz sərgi konfrası çərçivəsində “ExxonMobil” şirkətinin prezidenti Reks Tillersonla görüş keçirib. Görüşdə “ExxonMobil” rəhbəri SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələri maraqla izlədiklərini bildirib, SOCAR-"ExxonMobil" əməkdaşlığının daha da dərinləşdirilməsində maraqlı olduqlarını söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi