Artıq Demokrat Partiyası ABŞ Prezidenti Donald Trampın impiçmentinə nail olmaq üçün addımlar atmağa başlayıb.
“Report” xəbər verir ki, Demokrat konqresmenlər Ted Lyu və Cemi Raskin Donald Trampın impiçmenti ilə bağlı təklif hazırlayıb.
Trampa qarşı bir maddə üzrə impiçment tələbi irəli sürülüb. Bu, prezidentin vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamıdır.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 78 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Buna baxmayaraq, D.Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.
Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 4 vətəndaş həlak olub, 14 polis yaralanıb.
Vaşinqton Polis İdarəsinin rəisi Robert Kontinin sözlərinə görə, vətəndaşlardan biri polisin açdığı atəş nəticəsində ölüb.
Paytaxtda qarışıqlıq düşəndən sonra Donald Tramp başda Cozef Bayden olmaqla digər siyasətçilərin təzyiqi altında tərəfdarlarına videomüraciət edib. O müraciətdə seçki nəticələrinin oğurlandığını, lakin, bununla belə, zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıb.
Hazırda Vaşinqtonda kommendant saatı tətbiq edilir, şəhərdə küçəyə çıxmaq qadağandır. Vəziyyət polisin nəzarəti altındadır.