Bayden Ukraynanın XİN rəhbəri ilə görüşüb
- 22 fevral, 2022
- 22:54
ABŞ Prezidenti Cozef Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.
Bu barədə “Report” Ağ Evin saytına istinadən xəbər verir.
“Prezident Bayden ABŞ-ın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha təsdiqləmək üçün nazir Kuleba ilə görüşüb”, - məlumatda deyilir.
Bayden bildirib ki, ABŞ Ukraynaya təhlükəsizlik və iqtisadiyyat sahələrində dəstəyini davam etdirəcək.
Bayden Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini və onları Ukraynadakı vəziyyətdən asılı olaraq sərtləşdirəcəyini bildirib.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.