ABŞ hakimiyyəti ölkədə mayın sonunda koronavirus vaksinləri dozalarının hər bir sakini peyvənd etmək üçün yetərli sayda olacağını nəzərdə tutur.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.
"Bizim əlimizdə mayın sonunda hər bir amerikalı üçün kifayət qədər - təxminən 600 milyon doza olacaq ", - Ohayo ştatında çıxış edən Amerika lideri deyib.
Birləşmiş Ştatlarda federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa 29,9 milyondan çox yoluxma aşkarlanıb, 543 min nəfərdən çox insan ölüb. ABŞ hər iki göstərici üzrə dünyada birinci yerdədir.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.