Müsəlman zəvvarlar bu il Həcc ziyarətində yalnız COVID-19 əleyhinə peyvənd olunduqdan sonra iştirak edə biləcəklər.
“Report” “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının səhiyyə naziri Tofiq ər-Rəbiyə bildirib.
“Həcc ziyarətinə qatılmaq üçün əsas şərt yeni növ koronavirusa qarşı aşılanmaqdır”, - o deyib.
Qeyd edək ki, bu il Həcc ziyarəti iyul ayının ikinci yarısına təsadüf edəcək.
Xatırladaq ki, keçən il pandemiya səbəbindən Həcc ziyarəti yalnız 10 min nəfərin iştirakı ilə reallaşmışdı. Bunlardan 30 %-i səudiyyəli, 70 %-i isə ölkədə yaşayan xaricilər idi. Xaricdən gələn zəvvarlar Həcc ziyarətinə buraxılmamışdı.
Ötən ilin noyabr ayından etibarən Səudiyyə Ərəbistanı yaşı 50-dən yuxarı olmayan zəvvarları mənfi PZR testi nəticəsi ilə tədricən ümrə ziyarətinə buraxmağa başlayıb.