“İstər israilli olsun, istər fələstinli, fərq etmir, hər bir insanın ölümünə dərindən kədərlənirik. “Həmas”ın İsraildə on qurbanı var, aralarında yəhudilər və ərəblər var. Son bir həftədir İsraildə milyonlarla uşaq, qadın, kişi sığınacaqlarda daldalanır, ətrafa isə “Həmas”ın minlərlə raketi düşür. Bu raketlərin bir çoxu Qəzzaya düşərək fələstinli uşaqları öldürüb”.
Bu sözləri İsrail – Fələstin münaqişəsinin yenidən kəskinləşməsini “Report”-a şərh edərkən İsrailin Azərbaycandakı səfiri Corc Dik (George Deek) bildirib.
Diplomatın dediyinə görə, “Həmas” hərəkatı Qəzzada oyun meydançaları, doğum evləri və məscidlər altından terrorçular üçün tunellər tikdirərək raketlərini məktəblərdə və yaşayış binalarında gizlədirlər. Bütün bunların məqsədi İsrailin məcburi cavab tədbirləri zamanı mülki fələstinli əhali arasında mümkün qədər çox tələfata nail olmaqdır.
“İsrail həmişə öz raketlərindən uşaqları qorumaq üçün istifadə etdiyi halda, “Həmas” uşaqları raketlərinə sipər edir. İsrail yaylım hücumlara cavab olaraq “Həmas” terrorçularına qarşı nöqtəli zərbələr endirir. Biz mülki əhali arasında ölüm hallarının qarşısını almaq üçün misilsiz səylər göstəririk. Başqa heç bir ölkənin etmədiyini edərək əhalinin təxliyə olunması üçün əvvəlcədən telefonla və mətn mesajları vasitəsilə xəbərdarlıq edirik. Əfsuslar olsun ki, “Həmas”ın "canlı qalxan üsulu" bütün səylərimizə baxmayaraq, dinc əhalinin yaralanmasına gətirib çıxarır” – deyən İsrail səfiri beynəlxalq birlikdən “Həmas”ın səbəbsiz və pərakəndə hücumlarını pisləməsini gözlədiklərini bildirib.
“Həmçinin İsrailin özünü qoruyaraq “Həmas”ın terrorçu infrastrukturunu məhv etmək üçün göstərdiyi səylərə, hər iki tərəfdən ölüm hallarının minimuma endirmək üçün əlindən gələni etməsinə bütün namuslu insanlar tərəfindən dəstək gözləyirik. İsraillilər və fələstinlilər birgə dinc yaşamağa layiqdirlər. Biz övladlarımızın gələcəkdə mehriban qonşu kimi birgə yaşayacağına ümidvarıq. Bu istiqamətdə ilk addım kimi Qəzza sektorunun silahsızlaşdırılması, orada İsrail Dövlətini məhv etməyi yox, Qəzza əhalisinin rifahını rəhbər tutan hakimiyyətin qurulması ola bilər” – deyə səfir fikrini tamamlayıb.